Müasir Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ötən müddət ərzində mürəkkəb və eyni zamanda uğurlu bir inkişaf yolunu keçmişdir. Son dövrlər dünyada baş verən hadisələr, o cümlədən siyasi və iqtisadi böhranlar Azərbaycana da müəyyən qədər təsir etsə də, müstəqillik dövründə əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı islahatlar prosesi ölkədə davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən dövlət siyasəti sayəsində ölkəmizin dayanıqlı inkişafı təmin olunmaqla yanaşı vətəndaşların bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır.
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması Azərbaycan vətəndaşlarının mənzilə olan tələbatının təmin olunması məsələsini daha da aktual etdi. Xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edildi.
Bu sahədə həyata keçirilən islahatların davamı olaraq dövlət başçısının 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24.11.2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi yaradıldı. Ölkə başçısının “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 07.02.18-ci il tarixli 1819 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilmişdir.